Dienstag, 18. Januar 2011

Türk mədəniyyəti


Bu mövzuya müraciət etməyimə səbəb türk mədəniyyəti haqqında bir çox anlaşılmazlıqların olmasıdır. Buna görə də bu yazımda bütün bunlara aydınlıq gətirməyə çalışacağam.

Türk mədəniyyəti köçəri mədəniyyətidir. Türklər tarixən at belində həyat sürərək bu mədəniyyəti bu günə qədər gətirib çıxarmışlar. Təbiətlə birbaşa təmasda olduqlarından ona daha çox bağlı olmuşlar. Onların inancları da, bədii mövzuları da, musiqiləri də təbiətlə sıx bağlıdır. Onlar üçün müqəddəs olan torpaqları, dağları, çayları, heyvanları, səmanı, ulduzları şifahi formada dildən-dilə və beləliklə də ildən-ilə ötürdükləri şerlərdə, dastanlarda dönə-dönə vəsf etmişlər. Öz qəhrəmanlıqlarını türk əlifbası ilə daşlara işləmişlər. Təbiətin verdiyi bu döyüşkənlik ruhu onları məhv olmağa qoymamışdır. Daim qonşu xalqları qorxu içində saxlamışlar. Bəzən onlara yenilsələr də yenidən özlərində güc tapmağı bacarmışlar. Xanımlar da kişilərdən geri qalmayaraq öz hünərləriylə türk cəmiyyətində onlarla bərabər yeri tutmağı bacarmışlar.

Türklər öz döyüşkənlikləri sayəsində geniş ərazilərə sahib olmuşlar və farslar, çinlilər, ruslar, ərəblər, hindlilər, rumlar kimi bir çox oturaq millətləri özlərinə tabe etmişlər. Lakin bu təmaslar bəzən onları öz mədəniyyətlərindən uzaqlaşdırmışdır. Belə ki, onların bəziləri yerli xalqlar arasında əriyərək tədricən tarixdən silinmişlər. Hindistanı tarixən idarə etmiş türklərin bu günki taleyi buna bir nümunədir. Bəziləri isə yerli xalqları əridərək öz saylarını çoxaltmışlar. Bunun nəticəsində də onların mədəniyyətində bir çox amillər yerli xalqlarınkına uyğunlaşdırılmışdır. Yəni orta əsrlərdə oturaq həyata keçən türklərin mədəniyyəti yerli xalqların mədəniyyətləri ilə birləşərək yeni mədəniyyətlər ortaya çıxarırdı. Bunun nəticəsində də türklərin inanclarında, dillərində, musiqisində, geyimlərində, rəqslərində və hətta fiziki görünüşlərində xeyli dəyişikliklər baş verdi. Bu da onları köçəri qardaşlarından aralı saldı, köçəri adətləri unuduldu, qadınların cəmiyyətdəki statusu dəyişdi. Buna daha çox islam mədəniyyətinin təsirinə məruz qalmış oturaq türklərdə rast gəlinir. Xristianlıq, buddizm, yahudiliyin təsirinə məruz qalan türklərdə də oxşar proseslər baş verdi. Getdikcə türk dilləri bir-birindən xeyli dərəcədə fərqlənməyə başladı. İnsan adları da yeni inanclara uyğun dəyişdi. Bu günki yadlıq da bütün bunların nəticəsidir.

Lakin orta əsrlərdə bütün türklər oturaq həyat tərzinə keçmədi. Həmin türklər köçəri həyat sayəsində türk mədəniyyətinin xeyli hissəsini qoruyub saxlaya bildilər. Yalnız öz əlifbaları unuduldu. Təbiət inancları, atçılıq və at oyunları, oxçuluq, qımız, yurt, dastanlar, qədim musiqi alətləri, bir çox qədim adət və bayramlar, toy adətləri, əl quşçuluğu, müxtəlif yemək növləri, geyimlər və nəhayət türk dili öz ilkin formalarını əhəmiyyətli dərəcədə qoruyub saxlaya bilmişdir. Buna daha çox Altay dağları və ətrafı, Sibir çölləri, Tanrı dağları və ətrafı, Qazaxıstan çölləri və türkmən səhralıqlarında rast gəlinir.

Bu mədəniyyət Altay-türk mədəniyyəti olduğu üçün monqol mədəniyətinə daha yaxındır. Oturaq türklərin mədəniyyəti isə ərəb, fars, qafqaz və ya rus mədəniyyətlərinə daha yaxındır. Lakin onlarda da türk mədəniyyətinin bir sıra elementlərinə rast gəlmək mümkündür. Buna sazı, xalçaları, naxışları, bəzi geyim elementlərini, milli güləşi, dastanları, bəzi xalq inanclarını misal göstərmək olar. Oturaq həyat tərzinə keçmiş türklər öz köklərindən uzaqlaşsalar da elm sahəsində böyük nailiyyətlər qazana bilmişlər. Belə xalqlara anadolu türklərini, azərbaycanlıları, özbəkləri, uyğurları, Qazan tatarlarını misal gətirmək olar. Qeyd edim ki, bu xalqların mədəniyyətlərində islam digər türk xalqlarındakına nisbətən daha önəmli yer tutur. Oturaq türk xalqları daha çoxsaylı, daha inkişaf etmiş olduqlarına görə türk mədəniyyətini də öz gördükləri kimi təsəvvür edirlər. Xüsusən də islamı türk mədəniyyətinin ayrılmaz bir hissəsi hesab edirlər və bunu digər türklər üçün də məqbul sayırlar. Hazırki anlaşılmazlıqların mənbəyi də elə bu düşüncə fərqləridir. Köçəri türk mədəniyyəti bu mədəniyyətlər qarşısında nə qədər davam gətirə biləcək bəlli deyil. Təkcə o bəllidir ki, Altay-türk mədəniyyətinin özünü qoruyub saxlaya bilməsi üçün güclü dəstəyə ehtiyacı var.

17 yanvar 2011

Keine Kommentare:

Kommentar veröffentlichen